Ədalətli cəmiyyət olmayanda… – ELMAN ABBASOV yazır

Hökumət maaşların, təqaüdlərin gələn il 20-40 % artacağını vəd edir. Amma bazarda qiymətlər indidən insanları şoka salır. Ötən ilin bu dövrü ilə müqayisədə bir çox malların qiyməti 100%-ə qədər artıb. Maaşlar artıbmı və ya nə qədər artıb? Hökumətin isə təqaüd və maaşları artırması yəqin ki, 2022-ci ilin sonuna qədər nəzərdə tutulub. İlin əvvəlimi artacaq və ya ilin sonuna qədər tədricənmi artacağını da bilən yox. Bu vaxta qədər də qiymətlər yəqin ki, qalxa-qalxa gedəcək. Adi kələmin qiyməti ötən ilin bu vaxtı 60-70 qəpik idi. Bəzən maşınla gətirib satarkən 40-qəpik də olurdu. Bu il nədənsə kələm belə qıtlığa çıxıb. Qiyməti də 1 manat 50 qəpik. Ötən il 2.8 manat olan günəbaxan yağı 5.5 manat, qiyməti 8.5 manat olan “Supersun” yağı (əgər yağ demək olarsa) 15 manat olub. Çörəyin qiyməti qalxmasa da çəkisini kifayət qədər azaldıblar və s. Kommunal xərclərin də nə qədər qalxdığını nəzərə alsaq, belə çıxır ki, bu hakimiyyət xalqa deyir, gedin, ölün! Xalqın isə hələ də reaksiyası yetərli deyil.

Hökumət suyun, qazın, benzinin qiymətini artırarkən çox əsasız arqumentlər gətirdi. Adamların açıqlamaları həqiqətən gülünc idi. Dedilər ki, abonentlərin sayı artıb, xərclər artıb və s. ziyanla işləyirik. Amma aldığım məlumata görə, təkcə su idarəsində müdir səviyyəsində 3.5-4 min manat maaş alırlar, üstəlik əlavə gəlirləri də olur və bəzən aylıqları 10-15 min manata çatır. “Azəriqaz”da, “Azərİşıq”da da vəziyyət belədir. Krallar kimi yaşayırlar, xidməti maşınlar, villalar, bağ-bağatlar, xadimələr və daha nələr-nələr. Söhbət hələ adi idarə müdirlərindən gedir. Hansısa şirkətin, nazirliyin rəhbər vəzifələrində oturanlardan, onların qohumlarının milyonlarla, milyardlarla “çırpışdırdıqları” pullardan getmir. Təbii ki, belə hallar var ikən dövlət şirkətləri, nazirliklər ziyanla işləyəcək də.

“Azərsun” Azərbaycanda ərzaq təminatının az qala 80%-ni yerinə yetirir. O da Azərbaycan bazarını keyfiyyətsiz, orqanizmə zərərli mallarla doldurub. Keçən il 44 günlük Vətən müharibəsi dövründə belə malların qiymətini 20-25 faiz artırdı. O vaxtdan bu vaxta “Azərsun” qiymətləri durmadan artırır. Buna bir dur deyən isə tapılmır.
Demək ki, ölkədə dilənçilərin, cinayətkarların, oğruların, intiharların, boşanmaların, xəstəliklərin sayı da durmadan artacaq. Çünki bir çox problemlərin yaranmasının səbəbkarı elə sosial durumun insanları çıxılmaz vəziyyətə salmasıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadənin bir sözü var, “Ədalətli məhkəmə olmayan yerdə cinayətkar da haqlı görünür”.

Bəli, həqiqətən də ədalətli bir cəmiyyət olmayan yerdə oğrusu da, dilənçisi də, qulduru da, intihar edəni də, boşananı da, satqını-xəyanətkarı da haqlı görünür.

P.S. Necə ki, monopoliya aradan qalxmayıb, hakimiyyətin idarəetmə sistemi dəyişməyib, xalqın seçdiyi, xalqı sevən insanlar hakimiyyətdə təmsil olunmayır, vəziyyət bu cür davam edəcək.

P.P.S. Hakimiyyət papağını qarşısına qoyub fikirləşməlidir. Məmurluğu oliqarxiyadan ayırmalı, maliyyə amnistiyası etməli, təcili islahatlara, həm də köklü islahatlara getməlidir. İslahat imitasiyası etməməli, qalibiyyət, zəfər başgicəllənməsindən çıxıb, həm də əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində addımlar atmalıdır. Yoxsa günün birində gec ola bilər. Əks təqdirdə kataklizmlər qaçılmaz olacaq. Hakimiyyət nəzərə almalıdır ki, düşmən pusqudadır və hər zaman milli birliyi pozmağa, ölkədə qarışıqlıq yaratmağa hazırdır.

Şərh yaz